Allaha yaxınlıq üçün dualar (#4693)

Alqış olsun Sənə, Ey mənim Allahım! Hərarətli aşıqlərinin Sənin hicranından ötrü fəryadını və Səni tanıyanların Sənin hüzürundan uzaq düşdükləri üçün naləsini eşidirsən. Onların üzünə, Ey mənim Allahım, Öz fəzl qapılarını aç ki, onlar Sənin izninlə və Sənin iradənə uyğun olaraq bu qapılardan daxil olsunlar, Sənin əzəmət taxtının qarşısında dursunlar, Sənin səsinin ahəngini tutsunlar və Sənin üzünün nuru ilə işıqlansınlar.

Sən istədiyi etməyə qadirsən. Heç kəs Sənin hökmranlıq qüdrətinə qarşı çıxa bilməz. Əzəldən Sən tək olmusan, Sənin bərabərin olmayıb və əbədiyyətə qədər də bütün düşüncə və təsvirlərdən uca olaraq qalacaqsan. Elə isə, bəndələrinə Öz fəzlin və səxavətinlə rəhm eylə, imkan vermə ki, Sənə yaxınlıq dəryasının sahillərdən kənar qalsınlar. Əgər Sən onları tərk etsən, kim onların dostu olar; əgər Sən onları Özündən uzaqlaşdırsan, onlara kim lütf göstərər. Onların Səndən özgə Rəbbi, Səndən başqa Məbudları yoxdur. Öz bol fəzlinlə onlara səxavətlə yanaş.

Sən, həqiqətən, həmişə Bağışlayan, Ən Şəfqətlisən.

-Bahá'u'lláh
-----------------------

Allaha yaxınlıq üçün dualar (#4711)

Həqiqətən, mən Sənin bəndənəm, Ey mənim Allahım, Sənin fəqir, yalvaran, həqir bir məxluqunam. Mən Sənin qapına gəlmişəm, Sənin sığınacağını axtarıram. Mənim razılığım ancaq Sənin məhəbbətində, coşğunluğum Sənin zikrində, şövqüm Sənə itaətdə, sevincim Sənə yaxınlıqda, sakitliyim Sənin vüsalındadır, bununla belə, mən bilirəm ki, bütün yaranmış şeylərin Sənin uca Zatına yolu bağlıdlr və bütün xilqət Sənin batini Varlığına yol tapmaqdan məhrum edilmişdir. Nə zaman mən Sənə yaxınlaşmağa cəhd edirəm, özümdə Sənin fəzlinin nişanələrindən başqa heç nə tapmıram və öz varlığımda Sənin inayətinin aşkar olmasını görürəm. Sadəcə Sənin bir məxluqun olan bir kimsə Səninlə qovuşmağa və Sənin hüzuruna yetişməyə necə can ata bilər, baxmayaraq ki, yaradılmış heç nə, əsla, nə Sənə şərik qoşula bilər, nə də bir şey Səni dərk edə bilər. Bu necə mümkün ola bilər ki, müti bəndə Səni tanısın və Sənin tərifini söyləsin, baxmayaraq ki, Sən Öz səltənətinin ələmətlərini və Öz hökmranlığının ecazkar dəlillərini onun üçün təyin etmisən? Beləliklə, hər bir yaranmış sey şəhadət verir ki, onun Sənin dərgahına yolu onun batini mahiyyətində qoyulmuş məhdudiyyətlərlə bağlanmışdır. Bununla belə, bu şübhəsizdir ki, Sənin cazibən həmişə Sənin yaratdıqlarının zatına xas olmuşdur, hərçənd ki, Sənin inayətinin müqəddəs dərgahına yaraşan şeylər bütün məxluqatın yetişməsindən çox ucadır. Bu, Ey mənim Allahım, Səni tərif etməklə mənim təmamilə acız olduğumu göstərir və Sənə şükr etməkdə mənim hədsiz gücsüzlüyümə dəlalət edir. Və bundan daha çox, Sənin ilahi birliyini dərk etməyə nail olmaqda və Sənin tərifinin, paklığının və cəlalının aydın əlamətlərinə yetişməkdə acizliyimi və gücsüzlüyümü göstərir. Xeyr, Sənin qüdrətinə and olsun, mən Sənin Özündən başqa heç nəyin həsrətində deyiləm, nə də Səndən qeyri bir kimsəni axtarıram.

-The Báb
-----------------------

Allaha yaxınlıq üçün dualar (#4712)

Ey mənim Allahım! Səndən başqa bir kimsə yoxdur ki, mənim qəlbimin möhnətini azaltsın. Sən mənim ən yüksək arzumsan, Ey mənim Allahım. Səndən və Sənin sevdiklərindən başqa mənim ürəyim heç kimə bağlanmayıb. Mən təntənə ilə bəyan edirəm ki, mənim həyatım da, ölümüm də Sənin üçündür. Həqiqətən, Sən Bənzərsiz və Şəriksizsən.

İlahi, yalvarıram, özümü Səndən kənar saldığım üçün məni bağışla. Sənin cəlalına və əzəmətinə and olsun, mən Səni Sənə yaraşan tərzdə tanıya və ibadət edə bilmədim, halbuki Sən Özünü mənə tanıdırsan və Sənin məqamına layiq olan kimi zikr etməyə çağırırsan. Vay mənim halıma, İlahi, mənim xətalarıma və günahlarıma görə məni tutasan. Səndən başqa pənah gətirəcək bir sığınacağım yoxdur. Sənin yaratdıqların arasında Sənin iznin olmasa, heç kəs Sənin Özünlə vasitəçi olmağa cürət edə bilməz. Sənin taxtın qarşısında Sənin məhəbbətindən möhkəm yapışmışam və Sənin əmrinə uyğun olaraq, Sənin cəlalına yaraşan tərzdə inadla sənə dua edirəm. Yalvarıram Sənə, çağırşıma diqqət ver, necə ki Özün mənə söz vermisən. Həqiqətən, Sən Allahsan; Səndən başqa Allah yoxdur. Tək və yardım olmadan, Sən bütün yaranmış şeylərdən asılı deyilsən. Nə sənin sevimlilərinin möminliyinin Sənə faydası var, nə də imansızların şər əməlləri Sənə zərər vurar. Həqiqətən, Sən mənim Allahımsan, Öz vədini heç zaman pozmayan Alahım.

Ey mənim Allahım! Sənin lütfünün əlamətlərinə and verirəm, mənə izn ver, Sənin müqəddəs hüzurunun ən yüksək zirvəsinə cəzb olunum və məni Səndən başqa hər şeyin sezilməyən cazibəsinə düşməkdən hifz eylə. Mənim addımlarımı, ey mənim Allahım, Sənin qəbul etdiyin və razı qaldığın şeylərə yönəlt. Sənin qəzəbinin şiddətindən və Sənin cəzandan Öz qüdrətinlə məni qoru və Sənin arzu etmədiyin yerlərə daxil olmaqdan məni saxla.

-The Báb
-----------------------

Allaha yaxınlıq üçün dualar (#4713)

Ey Allah, mənim Allahım, mənim Məhbubum, mənim ürəyimin Arzusu.

-The Báb
-----------------------

Allaha yaxınlıq üçün dualar (#4714)

Odur Şəfqətli, Ən Səxavətli! Ey Allah, mənim Allahım! Sən görürsən məni, Sən tanıyırsan məni; Sənsən mənim Pənahım və Sığınacağım. Heç kəsi axtarmadım Səndən başqa, nə də bir kəsi axtaracağam Səndən qeyri; Sənin məhəbbətinin yolundan başqa bir yolda addımlamadım, nə də ayrı bir yola qədəm qoyacağam. Ümidsizliyin zülmət gecələrində mənim intizar və ümid dolu gözlərim, Sənin hüdudsuz fəzlinin səhərinə dönür, sübh çağı isə üzülmüş qəlbim Sənin gözəlliyin və kamilliyinin zikri ilə təravətlənır və güclənir. Sənin mərhəmət fəzlinin kömək etdiyi kəs, hətta o bir damla da olsa, sahilsiz bir ümmana çevrilər, Sənin inayət yağışlarının yardım etdiyi kiçicik bir zərrə, parlaq ulduz kimi şölə saçar.

Öz hifzin altında, Sən Ey paklıq Ruhu, sən Ey Səxavətli Pərvərdigar, bu məftun, bu alovlanmış bəndənə pənah ver. Bu varlıq dünyasında ona kömək eylə ki, Sənin məhəbbətində sabit və möhkəm qalsın və izn ver ki, qanadı sınmış bu quş səmavi ağacın üzərində, Sənin cənnət yuvanda pənah və sığınacaq tapsın.

-`Abdu'l-Bahá
-----------------------

